Qərəzsizlik bəyannməsi

“G AND İ TRAINING ACADEMY” Personalın Sertifikatlaşdırılması Orqanı

QƏRƏZSİZLİK BƏYANNAMƏSİ

 

“G AND İ TRAINING ACADEMY” MMC-nin nəzdində fəaliyyət göstərən Personalın Sertifikatlaşdırılması Orqanı sertifikatlaşdırma fəaliyyətinin bütün mərhələlərində qərəzsizlik, müstəqillik və obyektivlik prinsiplərinə riayət etməyi öhdəsinə götürür.

1. Qərəzsizliyin və müstəqilliyin təmin edilməsi

Orqan sertifikatlaşdırma fəaliyyətini kommersiya, maliyyə və digər kənar təzyiqlərdən asılı olmayaraq həyata keçirir. Sertifikatlaşdırma qərarları namizədin real səriştəsinə, qiymətləndirmə nəticələrinə və müvafiq sertifikatlaşdırma sxeminin tələblərinə əsaslanır.

 

2. Sertifikatlaşdırma qərarlarının obyektivliyi

Sertifikatlaşdırma qərarları yalnız sertifikatlaşdırma prosesi zamanı əldə edilmiş obyektiv sübutlar əsasında qəbul edilir. Qərarların qəbul edilməsi yalnız Sertifikatlaşdırma Komitəsinin səlahiyyətindədir. Komitə üzvləri müvafiq namizədin təlimində və imtahanında iştirak etməmiş şəxslər olmalıdır. Qərarvermə səlahiyyəti kənar şəxsə və ya təşkilata ötürülmür.

 

3. Maraqların toqquşmasının idarə edilməsi

Orqan qərəzsizliyə yarana biləcək təhlükələri davamlı olaraq müəyyən edir, təhlil edir, sənədləşdirir və aradan qaldırır və ya minimuma endirir.

Orqanın personalı maraqların toqquşması ilə bağlı bəyannamə və öhdəlikləri imzalayır. Hər imtahan sessiyasından və qərar iclasından əvvəl namizədlərlə bağlı maraqların toqquşması halları yoxlanılır. Belə hal müəyyən edildikdə, müvafiq şəxs həmin namizədlə bağlı prosesdə iştirakdan kənarlaşdırılır.

4. Bərabər və ədalətli yanaşma

Sertifikatlaşdırma siyasəti, prosedurları, qiymətləri və müddətləri bütün sifarişçilər, namizədlər və sertifikatlaşdırılmış şəxslər üçün eyni qaydada tətbiq edilir.

Sertifikatlaşdırma assosiasiya və ya qrupa üzvlük, müəyyən təşkilatda işləmək, Akademiyanın təlimlərində iştirak etmək və ya digər əsassız şərtlərlə məhdudlaşdırılmır. Xüsusi ehtiyacı olan namizədlərə qiymətləndirmənin etibarlılığını pozmadan ağlabatan uyğunlaşdırmalar təmin edilir.

5. Təlim və sertifikatlaşdırma fəaliyyətlərinin ayrılığı

Akademiyanın təlim fəaliyyəti Personalın Sertifikatlaşdırılması Orqanının fəaliyyətindən ayrıdır. Təlim personalı sertifikatlaşdırma qərarlarında, imtahanlarda, sertifikatlaşdırma sxemlərinin və imtahan materiallarının hazırlanmasında iştirak etmir və həmin materiallara çıxış əldə etmir.

Namizədlərdən Akademiyanın təlimlərində iştirak etmək tələb olunmur. Müvafiq sxemdə təlim ilkin şərt kimi müəyyən edildikdə, digər təlim təşkilatlarının təlimi, təhsil və iş təcrübəsi kimi ekvivalent alternativlər də qəbul edilir.

Təlim və sertifikatlaşdırma xidmətlərinin birlikdə alınmasının namizədə hər hansı üstünlük verəcəyi təəssüratı yaradılmır. Namizədə təlim vermiş şəxs təlim başa çatdıqdan sonra iki il ərzində həmin namizədin imtahanında imtahan götürən kimi iştirak etmir. Bu müddət yalnız Qərəzsizlik Komitəsinin müsbət rəyi ilə azaldıla bilər. Təlimin tanınması qiymətləndirmə və sertifikatlaşdırma tələblərini azaltmır.

 

6. Kommersiya və maliyyə təzyiqlərinin qarşısının alınması

Orqanın personalının əməkhaqqı və mükafatlandırılması imtahan nəticələrindən, keçid faizindən və ya verilən sertifikatların sayından asılı deyil. Satış və ya yeni sifarişçi yönləndirilməsinə görə komissiya haqları və həvəsləndirici ödənişlər tətbiq edilmir.

Personal sertifikatlaşdırma ilə bağlı hədiyyə, ödəniş və ya digər mənfəət qəbul etmir. Orqanın gəlir strukturu mütəmadi təhlil edilir və bir sifarişçi təşkilatdan daxil olan gəlir ümumi sertifikatlaşdırma gəlirinin 30%-ni aşdıqda bu hal qərəzsizlik riski kimi qiymətləndirilir.

 

7. Öz işçilərinin sertifikatlaşdırılması və autsorsinq fəaliyyəti

Akademiyanın və ya Orqanın işçiləri sertifikatlaşdırma üçün müraciət etdikdə qərəzsizliyin qorunması məqsədilə əlavə tədbirlər tətbiq edilir. İşçinin rəhbəri, tabeliyində olan şəxslər və həmkarları onun imtahanında və sertifikatlaşdırma qərarında iştirak etmirlər.

Autsorsinq təşkilatları və Akademiyanın digər bölmələri ilə münasibətlərdə də qərəzsizliyə təhlükə yaranmasının qarşısı alınır. Autsorsinq müqavilələrində qərəzsizlik, maraqların toqquşması və məxfiliklə bağlı şərtlər nəzərdə tutulur.

 

8. Təzyiq hallarının bildirilməsi və rəhbərliyin öhdəliyi

Orqanın hər bir əməkdaşı qərəzsizliyə təsir göstərmək cəhdləri, təzyiq, hədiyyə təklifi və ya maraqların toqquşması barədə dərhal məlumat verməlidir. Belə məlumatı bildirən şəxsə qarşı təqibə yol verilmir.

Orqanın rəhbərliyi qərəzsizlik prinsiplərinin qorunmasını, siyasətin həyata keçirilməsi üçün zəruri resursların ayrılmasını və Qərəzsizlik Komitəsinin müstəqil fəaliyyətini təmin edir. Qərəzsizlik siyasəti mütəmadi olaraq nəzərdən keçirilir və zərurət yarandıqda yenilənir.